«XXI əsrdə müxtəliflik üçün urbanizasiya
siyasəti: mədəniyyətlərarası şəhər
paradiqması»
Mayın 31-də Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması" mövzusunda işçi sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, sessiyada əvvəlcə Avropa Şurasının şəhərlərə kömək məqsədi ilə həyata keçirdiyi "Mədəniyyətlərarası şəhərlər" (ICC) proqramı barədə məlumat verilmişdir.
Avropa Şurasının nümayəndəsi xanım Cristina BAGLAİ bildirmişdir ki, 2008-ci ildən icrasına başlanılan bu proqram Avropanın 60-a yaxın şəhərində qəbul edilmişdir. Proqrama ABŞ və Yaponiyanın şəhərləri də qoşulmuşlar. "Mədəniyyətlərarası şəhərlər" proqramı üzrə hazırda 5 milli şəbəkə fəaliyyət göstərir.
Proqramın İspaniyadan olan eksperti Daniel de Torres BARDERİ isə çıxışında şəhərlərdə mədəniyyətlərarası siyasətin düzgün qurulmasında qeyri-hökumət təşkilatlarının və sıravi vətəndaşların rolunu vurğulamışdır. Qeyd edilmişdir ki, şəhərlərdə əhalinin artması cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açır. Urbanizasiya prosesi nəticəsində torpaq çatışmazlığı və işsizlik yaranır. Bununla yanaşı, urbanizasiya kənd və şəhər arasındakı gəlir müxtəlifliyini aradan qaldırır, daha yaxşı və mütərəqqi təhsil, iş və nəqliyyat imkanları da yaradır. Vurğulanmışdır ki, mədəniyyətlərarası siyasət elə aparılmalıdır ki, insanlar bir şəhərdən başqasına köçərkən problemlərlə üzləşməsinlər, yeni yaşayış yerinə uyğunlaşa bilsinlər.
Sonra qruplarda əhalinin kəndlərdən şəhərlərə axını zamanı, o cümlədən bir şəhərdən başqasına köçəndə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılmışdır.
Birinci qrupda urbanizasiya prosesi nəticəsində müxtəlif mədəniyyətləri təmsil edən insanların birlikdə yaşamaları və yeməkləri, təmas qurmaları zamanı ortaya çıxan problemlər müzakirə edilmişdir.
Müzakirələrin nəticəsi olaraq italiyalı ekspert Bruno CİANCO demişdir ki, problemin həlli üçün şəhərlərdə mədəniyyət və kulinariya festivallarının keçirilməsi çox vacibdir.
İkinci qrupda isə əhalinin kəndlərdən şəhərlərə axını zamanı yaranan problemlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Bakı şəhəri də bu problemlə üzləşmişdir. Torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycanın qaçqın və məcburi köçkünlərinin əksəriyyəti paytaxt Bakıda məskunlaşmışdır.
Müzakirələrdə problemin həlli üçün şəhər rəhbərliyinin üzərinə böyük vəzifələr düşdüyü diqqətə çatdırılmışdır.
İsveçrəli
ekspert Oliver FREEMAN bildirmişdir ki, belə bir şəraitdə
gənclərin də qüvvəsindən istifadə
olunmalıdır. Çünki gənclər yaşlılara
nisbətən yeni mühitə daha tez alışa bilirlər.
Azərbaycan.-2013.- 1 iyun.- S.5.